Skip to content

Marketinq tarixi

Tarixlə arası yaxşı olmayanlar üçün bu mövzu bəlkə də maraqsız görünə bilər, lakin marketinqin keçdiyi mərhələləri anlamaq, bugünkü strategiyaların əsasını dərk etməyə kömək edir.

Marketinqin Tarixi: 6 Əsas Dövr

Bazar Dövrü: Marketinqin ilk dövrü bazarların yaranması ilə başlayır. Bu proses birinci böyük ictimai əmək bölgüsü nəticəsində formalaşmışdır. Pul hələ mövcud olmadığı üçün insanlar natural təsərrüfatla (barter) məşğul olurdular. Məsələn, bir çoban öz heyvanını tərifləyərək onu daha dəyərli göstərməyə çalışır, qarşı tərəfdən daha çox məhsul əldə etmək üçün danışıqlar aparırdı. Bu, marketinqin ilkin forması hesab olunur. Bazar dövrü sənaye inqilabına qədər davam etmişdir.

İstehsal Dövrü: Sənaye inqilabı ilə birlikdə kütləvi istehsal başladı və bazar iqtisadiyyatında yeni mərhələ yarandı. Bu dövrdə müştəri tələbatından daha çox, istehsal olunan məhsula uyğun müştəri axtarılırdı. İlk qəzet və radio reklamları, ilk billboardlar məhz bu dövrdə meydana çıxdı. Eyni zamanda, 1786-cı ildə ilk reklam agentliyi fəaliyyətə başladı. Bu dövr 1929-1939-cu illəri əhatə edən “Böyük Böhran”a qədər davam etdi.

Satış Dövrü: “Böyük Böhran” istehsalçılara göstərdi ki, əsas məsələ yalnız məhsulu ucuz istehsal etmək deyil, onu effektiv şəkildə satmaqdır. Bu mərhələdə marketinq alətləri əsasən satışın artırılmasına yönəlmişdi. İlk TV reklamının yayımlanmasıda bu dövrə təsadüf edir. Marketoloqlar başa düşdülər ki, təkcə məhsulu satmaq kifayət deyil, brendlər tanıdılmalı və sevdirməlidir. Bu yanaşma marketinqin yeni bir dövrünü başlatdı. Satış dövrü İkinci Dünya Müharibəsinin sonuna qədər davam etdi.

Brend Dövrü: Buərhələdə marketoloqlar brendləri insanlara sevdirmək üzərində işləməyə başladılar. Günümüzdə hər kəsin tanıdığı “Coca-Cola”, “Apple”, “Doritos” kimi markalar bu dövrdə yaranmış və güclü brend strategiyaları ilə irəliləmişdir. Telemarketinq bu dövrdə önəm qazandı və müştəri ilə daha yaxın əlaqə qurmağın vacibliyi anlaşıldı. Marketoloqlar başa düşdülər ki, insanları sadəcə müştəri kimi görmək kifayət deyil, onları potensial və davamlı alıcıya çevirmək lazımdır. Bu düşüncə beşinci dövrə keçid yaratdı.

Müştəri Mərkəzli Dövr: 1980-ci illərdə marketinq sahəsində inqilabi dəyişikliklər baş verdi. CRM (Müştəri Münasibətlərinin İdarə Edilməsi) konsepsiyası yaradıldı, mobil cihazlar və sosial media bu sahəyə daxil oldu. Əvvəlki dövrlərdə “Məhsulu istehsal edək və sonra necə sataq?” sualı əsas idisə, bu dövrdən etibarən “Müştərilər nə istəyir və biz bunu necə təmin edə bilərik?” yanaşması ön plana çıxdı. Marketinq artıq istehsalın deyil, müştəri tələbatının mərkəzində dayanırdı.

Dəyər Dövrü: Günümüzdə marketinq artıq sadəcə məhsul satmaqdan ibarət deyil. İnsanlar məhsul və xidmətlərdən əvvəl dəyər və fayda gözləyirlər. Müştərilər markalarla dərin əlaqə qurmaq və onlardan fərdi yanaşma görmək istəyirlər. Bu dövrdə satış strategiyaları yerini faydalılıq marketinqinə verir. Müştəri artıq sadəcə bir alıcı deyil, markanın dostu və tərəfdaşı kimi görülür. Onun problemlərini anlamaq, ehtiyaclarına uyğun həllər təklif etmək marketinqin əsas prinsiplərinə çevrilib.

Nəticə etibarilə, marketinq uzun bir inkişaf yolu keçmişdir. Əvvəlcə sadə ticarət prinsiplərinə əsaslanan bu sahə, zamanla mürəkkəb strategiyalar və texnologiyalarla zənginləşərək günümüzün ən güclü biznes alətinə çevrilmişdir.